Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
Ötən il 5 faiz artımla hökumətin 2025-ci il üçün nəzərdə tutduğu iqtisadi artım hədəfinə çatan Çinin Ümumi Daxili Məhsulu (ÜDM) ilk dəfə 140 trilyon yuanı (20 trilyon ABŞ dolları) ötüb.Çin iqtisadiyyatı, ABŞ-la gömrük tarifləri gərginliyinin yaratdığı qeyri-müəyyənliklərin hökm sürdüyü bir ildə, daxili iqtisadi göstəricilərdəki qeyri-sabitliyə baxmayaraq, güclü ixrac performansı hesabına illik artım hədəfinə nail olub.
Marja.az xəbər verir ki, ötən il 5 faiz artımla hökumətin 2025-ci il üçün proqnozlaşdırdığı artım səviyyəsinə çatan Çinin Ümumi Daxili Məhsulu (ÜDM) ilk dəfə 140 trilyon yuanı (20 trilyon dollar) keçib.
ABŞ Prezidenti Donald Trampın ikinci prezidentlik dövründə tətbiq etdiyi tarif artımlarının Çinin ixracını yavaşladacağı gözlənilən bir ildə, xarici ticarətdə güclü artım göstərən Çinin ixracı daxili tələbatdakı zəifliyi kompensasiya edən əsas artım mühərriki olub.
Ölkədə 2025-ci ildə istehsal artsa da, istehlak və daxili tələbat zəif dinamika nümayiş etdirib. İstehsalçı qiymətlərində azalma, istehlakçı qiymətlərində durğunluq, eləcə də daşınmaz əmlak investisiyalarında davam edən geriləmə iqtisadi artıma mənfi təsir göstərməyə davam edib.
Ölkədə iqtisadi artım 5 faiz olub
Milli Statistika Bürosunun (MSB) məlumatlarına görə, 2025-ci ildə əvvəlki illə müqayisədə 5 faiz artan ÜDM 140,1 trilyon yuana (20,1 trilyon dollar) çatıb. Beləliklə, hökumətin müəyyən etdiyi “təxminən 5 faizlik iqtisadi artım” hədəfi reallaşıb. Ölkə iqtisadiyyatı 2020-ci ildə 2,2 faiz, 2021-ci ildə 8,4 faiz, 2022-ci ildə 3 faiz, 2023-cü ildə 5,2 faiz, 2024-cü ildə isə 5 faiz böyüyüb.
Ötən il sənaye istehsalı 5,9 faiz, xidmətlər sektoru 5,4 faiz, istehlak və daxili tələbin göstəricisi hesab edilən pərakəndə satışlar isə 3,7 faiz artıb. İnfrastruktur, daşınmaz əmlak, maşın və avadanlıq xərclərini əhatə edən əsas kapital investisiyaları isə 3,8 faiz azalıb.
Daşınmaz əmlak sektorunda geriləmə davam edib
Daşınmaz əmlak sektoru və mənzil bazarı 2025-ci ildə də investisiyalara və iqtisadi artıma mənfi təsir göstərməyə davam edib. Daşınmaz əmlak investisiyaları 2025-ci ildə əvvəlki illə müqayisədə 17,2 faiz, yeni mənzil satışlarının dəyəri isə 12,6 faiz azalıb.
Sektorda 2022-ci ildən bəri davam edən geriləmə 2025-ci ildə daha da sürətlənib. 2021-ci ildə 14,7 trilyon yuan (2,1 trilyon dollar) ilə pik səviyyəyə çatan investisiyalar ötən il 8,2 trilyon yuana (1,1 trilyon dollar) qədər geriləyib.
Gənclər arasında işsizlik yüksək qalıb, istehsalçı qiymətləri enib
Çində şəhərlərdə işsizlik səviyyəsi 2025-ci ilin sonunda illik müqayisədə 0,1 faiz bəndi artaraq 5,2 faiz olub. 16–24 yaş qrupunda işsizlik səviyyəsi 2024-cü ildə 15,7 faiz olduğu halda, 2025-ci ildə 16,5 faiz təşkil edib. Gənclər arasında işsizlik ümumi işsizlik səviyyəsindən yüksək olaraq qalmağa davam edib.
Çində istehlakçı qiymətlərində durğunluq və istehsalçı qiymətlərində azalma ötən il də davam edib. İnflyasiyanın əsas göstəricisi sayılan istehlakçı qiymətləri indeksi 2025-ci ildə illik müqayisədə artım göstərməyib, istehsalçı qiymətlərində isə əvvəlki iki ildəki geriləmə davam edib. 2023-cü ildə 3 faiz, 2024-cü ildə 2,2 faiz azalan (deflyasiya) İstehsalçı Qiymətləri İndeksi (İQİ) 2025-ci ildə də 2,6 faiz geriləyib. İQİ-də 2022-ci ilin son rübündə başlayan azalma hələ də davam edir.
İstehlakçı Qiymətləri İndeksi isə 2024-cü ildəki 0,2 faizlik artımdan sonra 2025-ci ildə dəyişməz qalıb. Qiymət artımı hökumətin 2025-ci il üçün müəyyən etdiyi 2 faizlik inflyasiya hədəfinin xeyli altında olub. 2023-cü ilin mart ayından etibarən 1 faizdən aşağı səviyyədə qalan İstehlakçı Qiymətləri İndeksi 2023 və 2024-cü illərdə cəmi 0,2 faiz artmışdı. Çin hökuməti davam edən deflyasiya meyilləri səbəbindən adətən 3 faiz olan illik inflyasiya hədəfini 2024-cü ildə 2 faizə endirmişdi.
Dünyada Covid-19 pandemiyasından sonra, xüsusilə inkişaf etmiş iqtisadiyyatlarda inflyasiyanın yüksək olduğu bir dövrdə, Çində bunun əksinə olan bir tendensiyanın formalaşdığı müşahidə edilir.
Xarici ticarət profisiti 1 trilyon dolları keçib
Daxili iqtisadi göstəricilərin qeyri-sabit olduğu bir ildə artım hədəfinin əldə olunmasında ölkənin xarici ticarətdəki güclü performansı həlledici rol oynayıb.
Çin Gömrük Baş İdarəsinin məlumatlarına görə, 2025-ci ildə ixrac illik müqayisədə 5,5 faiz artaraq 3,77 trilyon dollar, əvvəlki illə müqayisədə artım göstərməyən idxal isə 2,58 trilyon dollar olub.
Noyabr ayında ilk dəfə 1 trilyon dolları keçən xarici ticarət profisiti ilin sonunda 1,19 trilyon dollar ilə bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
Vaşinqton administrasiyası ilə il boyu davam edən tarif gərginliyi Çinin bu ölkə ilə ticarətinə mənfi təsir göstərib və Çinin ABŞ-yə ixracı 20 faiz azalıb.
Bu dövrdə Çinin ixracı Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv ölkələrə 13,4 faiz, Avropa İttifaqına (Aİ) 8,4 faiz, Latın Amerikasına 7,4 faiz, Afrikaya isə 25,8 faiz artıb.
Birbaşa xarici investisiyalar azalıb
ABŞ-ın texnologiya sahəsində tətbiq etdiyi sanksiyalar və iki böyük güc arasında artan rəqabət nəticəsində yüksələn geosiyasi risk qavrayışı Çinə yönələn birbaşa xarici investisiyalara (FDI) 2025-ci ildə də mənfi təsir göstərib.
Çin Ticarət Nazirliyinin məlumatlarına görə, birbaşa xarici investisiyalar 2025-ci ilin yanvar–noyabr dövründə 693,1 milyard yuan (98,4 milyard dollar) səviyyəsində qeydə alınıb. Faktiki istifadə olunan xarici kapitalın həcmi 11 ayda illik müqayisədə 7,5 faiz azalıb.
Çində 2023-cü ildə birbaşa xarici investisiyalar 8 faiz azalaraq 1998-ci ildən bəri ilk dəfə illik azalma göstərmişdi. Birbaşa xarici investisiyalar 2024-cü ildə isə illik müqayisədə 27,1 faiz geriləyərək 1998-ci ildən bəri qeydə alınan ən kəskin enişi yaşamışdı.
Qərb ölkələrinin Çinlə iqtisadi asılılıqdan irəli gələn riskləri azaltmaq istiqamətində atdığı addımlar, bunun tədarük zəncirlərində yaratdığı davamlı dəyişikliklər, eləcə də ABŞ Prezidenti Donald Trampın ikinci hakimiyyət dövründə apardığı siyasətlərin yaratdığı qeyri-müəyyənliklər Çinə birbaşa xarici investisiya axınına mənfi təsir göstərib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
7 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
7 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
7 saat əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Ən çox oxunanlar
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı





















