“Bu işlə məcburiyyətdən yox, sevərək məşğulam”
Lalə Ömərova: “Bu biznes əziyyətli olsa da, hər şeyi sevə-sevə, övladlarımız üçün edirik”Azərbaycanın bölgələrində yaşayan kənd əhalisi dədə-babadan əkinçilik və heyvandarlıqla məşğul olub. Bu yolla kəndlilər özlərinə gün-güzəran qurublar. Doğulan hər uşaq həyətdə qoyun-quzu, mal, heyvan görüb. Zaqatalanın Yuxarı Tala kənd sakini Lalə Ömərova da kiçik yaşlarından mal-qaraya qulluq etməklə ata-anasına kömək edib. Elə heyvanlara maraq və həvəs də o illərdən yaranıb.
Lalə Ömərova Zaqatala rayonunun Yuxarı Tala kəndində böyüyüb, boya-başa çatıb. 1990-cı ildə kənd orta məktəbini əla qiymətlərlə bitirsə də, ali məktəbə qəbul oluna bilməyib. O illəri xatırlayaraq, deyir: “Ali təhsil ala bilməsəm də, həyatda öz yerimi tutmuşam. Bu vaxta qədər əldə etdiklərimin hamısı zəhmətim, əziyyətim bahasına başa gəlib. 1995-ci ildən Zaqatala rayonu Gigiyena-Epidemiologiya mərkəzində dezinfeksiyaçı vəzifəsində işləyirəm, eyni zamanda həyətimizdə kiçik bir təsərrüfat yaratmışam. Ailə quranda bu təsərrüfat yox idi. Bu işə həvəsim olduğundan, yoldaşımdan xahiş etdim bir inək alsın. Artıq 10 il keçib və mən təsərrüfatımı artırmağa nail olmuşam. Həmişə də təsərrüfatı genişləndirmək istəmişəm”.
Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan Regionlarında Dayanıqlı Mikrosahibkarlığın İnkişafının Sürətləndirilməsi” (ADSMİRRA) layihəsi Lalə Ömərova üçün həm gözlənilməz, həm də istəyini həyata keçirmək üçün bir şans olub. AMFA tərəfindən dəvət alanda layihəyə qatılıb, amma hər hansı maliyyə vəsaiti alacağına ümidi olmayıb. Sahibkarlıq barədə isə heç vaxt düşünməyib. Layihə çərçivəsində təlimlərdə iştirak edib və özünün də dediyi kimi, “sahibkarlıq fəaliyyəti üçün nəyi necə etmək lazım olduğunu öyrənib”. Lalə xanım öz biznesini qurmaq üçün münsiflər heyətinə biznes-plan təqdim edib və bir ildən sonra sərmayə kapitalı alıb.
Həmin günləri yada salaraq, deyir: “AMFA-nın təşkil etdiyi təlimlərə qatıldım və seçdiyim sahə barədə, sahibkarlıq haqqında çox şey öyrəndim. Bu, əsl istədiyim iş idi. Təlimlərdən sonra başa düşdüm ki, bu işi düzgün quranda mənfəət əldə etmək olur. Sərmayə kapitalını aldıqdan sonra daha bir balalı inək aldım. Həmin inək payızda yenə bala verəcək. Bununla da, ailə büdcəmizi artırmağa nail oldum. Hazırda 3 buzovlu inək və bir boğaz düyəmiz var”.
Lalə Ömərova bu işlə sevərək məşğuldur. Dediyinə görə, mal-qara öz yeminin xərcini çıxartmaqla bərabər, qazanc da gətirir. Gündəlik ən azından 25 litr süd sağılır. Lalə xanım soyuq aylarda sağdığı südü dükana təhvil verir, isti aylarda süd tez xarab olduğu üçün pendir tutur. Kənddə çox adam xoşlayır onun tutduğu pendiri, müştərini axtarmaq lazım gəlmir, elə qapıdan gəlib aparırlar. Süd və pendir satışından əldə etdiyi qazancı ailəyə böyük köməkdir.
“Sərmayə kapitalı əlimizdən tutdu. Qurduğum biznesdən əldə etdiyim gəlirlə evimizi təmir etdiririk. Gələcəyə də planlarım var. Bu biznesi inkişaf etdirəcəyəm, inəklərdən bala almaqla malın sayını artırmaq fikrindəyəm. 4 övladım var, qızlarımın ikisi ailə qurub. Evdə olan oğlumu evləndirmək üçün indidən lazım olan hər şeyi almağı planlaşdırıram. Kiçik qızım bu il kolleci bitirib Bakıda Texniki Universitetə daxil olmaq istəyir. Bir valideyn kimi mən də onların bütün ehtiyaclarını ödəmək istəyirəm. Amma düşünməyin ki, məhz qazanc üçün, məcburiyyətdən bu işlə məşğulam. Belə olsa, bu iş heç alınmazdı da... Bu iş əziyyətlidir, hər səhər saat 5-də durub su qızdırmaq, tövləyə gedib mal-qaranın yerini təmizləmək, yemini vermək lazım olur, amma mən bu işi sevərək edirəm, heyvanların yanında olanda ruhum dincəlir. Əziyyət çox çəksək də, hər şeyi övladlarımız üçün edirik”, - deyir Lalə xanım.
“Azərbaycan Regionlarında Dayanıqlı Mikrosahibkarlığın İnkişafının Sürətləndirilməsi” (ADSMİRRA) Layihəsi AMFA tərəfindən 2018-2021-ci illərdə Avropa İttifaqının maliyyə dəstəyi ilə Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Aran iqtisadi rayonlarında həyata keçirilmişdir. Layihə regionlarda mikro və kiçik sahibkarların potensialını gücləndirmək məqsədini daşıyaraq, maliyyə savadlılığı, biznes planlaşdırması və kooperativlər üçün təlimləri, mentorluq xidmətlərini, biznes qurmaq və ya genişləndirmək üçün sərmayə kapitalının verilməsini və s. komponentləri özündə cəmləşdirmişdir. Ümumiyyətlə, pandemiyanın yaratdığı çətinliklərə rəğmən, layihə 37 startapın başlanmasına, 76 mikro biznesin genişdirilməsinə və əlavə olaraq 125 yeni iş yerinin yaradılmasına nail olmuşdur.
Marja.az üçün Yeganə Məmmədova, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Müştərilərin xəbərləri
ABV və Hikvision tərəfdaşlığı ilə LED, rəqəmsal və interaktiv ekran həlləri Azərbaycan bazarında - FOTOLAR
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 45 d. əvvəl
-
55 d. əvvəl
“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır - MÜSAHİBƏ
-
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aqrar Sığorta Fonduna 6500 hektar əkin sahələri üzrə zərər müraciətləri daxil olub
-
1 saat əvvəl
Azərbaycan 15 sığortaçısının məcmu xalis mənfəəti 6 % azalıb
-
1 saat əvvəl
"Regional" BOKT 2025-ci ili xalis mənfəətlə başa vurub - 12%-DƏN ÇOX ARTIB
-
2 saat əvvəl
Azərbaycanda ilk "Subway" restoranının hansı ərazidə açılacağı məlum olub
-
2 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
2 saat əvvəl
TuranBank İsveçrənin fondu ilə əməkdaşlığa başlayıb - SAZİŞ İMZALANIB, 10 MİLYON VƏSAİT CƏLB OLUNUB
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır - MÜSAHİBƏ
Aprelin 11-də gözlənilən hava şəraiti
Lufthansa-da tətil 500-dən çox uçuşun ləğvinə səbəb olacaq
Azərbaycan 15 sığortaçısının məcmu xalis mənfəəti 6 % azalıb
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Ən çox oxunanlar
TuranBank İsveçrənin fondu ilə əməkdaşlığa başlayıb - SAZİŞ İMZALANIB, 10 MİLYON VƏSAİT CƏLB OLUNUB
Lizinq şirkətində növbədənkənar ümumi yığıncağı keçiriləcək
“E-müqavilə”nin tətbiqinə başlandı - Mal və xidmətlərin alınması üzrə müqavilələr bu altsistem ilə bağlanacaq
“Dəli-Dolu Təkliflər” kampaniyası başlayır - CƏMİ 3 GÜN
“SİMA İmza” ilə vergi hesabatlarını pulsuz təqdim et!
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı


















