Zaqatalada istehsalı başladı - 12 MİN AVROYA SATILIR
..Səhər saat 4.00 radələridir. Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisindəyik. Sübh tezdən bura gəlməyimiz heç də təsadüfi deyil.
Səfərimizin səbəbi yenidən gülçülük şöhrətini özünə qaytaran Zaqatalanın ənənəvi sahəsindən reportaj hazırlamaqdır. Axı, emal prosesinə gedən güldən keyfiyyətli yağ almaq üçün başlıca şərtlərdən biri gülün günəş qalxmamış, sübh tezdən şehli-şehli dərilməsidir.
“AzRose” MMC-nin ərazisinə daxil olarkən buradakı qələbəlik diqqətimizi çəkir. Ərazidə çoxlu sayda xidməti avtobuslar və şəxsi minik avtomobilləri var. Adamların sayı isə yüzlərcədir. Əksəriyyəti də qadınlardır.
Müəssisənin direktoru Şamil Məmmədov deyir ki, 2016-cı ilin oktyabr-noyabr aylarında Türkiyədən və Bolqarıstandan dəvət olunmuş mütəxəssislərin tövsiyələri əsasında Zaqatala rayonunun Aşağı Tala kəndində gülçülüyün inkişaf etdirilməsi məqsədilə 107 hektar torpaq sahəsi müəyyənləşdirilib. Bolqarıstandan gətirilmiş tinglərdən “Dəməşq qızılgülü” və “Lavanda” növləri üzrə gül plantasiyaları salınıb. Bu plantasiyalarda ilkin mərhələdə təxminən 600 ton gül ləçəyinin toplanması nəzərdə tutulub. “Dəməşq qızıl gülü”ndən istehsal olunan yağ həm məhsuldarlığına, həm də keyfiyyətinə görə ən yaxşısı hesab olunur.
Bolqarıstandan gətirilmiş “Lavanda” gülü növünün isə Fransa və Türkiyə “Lavanda” növlərindən yağlılıq dərəcəsi 20 faiz çoxdur. İllik gücü 1250 ton yaş gül, 250 litr qızıl gül və 6 min litr “Lavanda” gül yağı olan müəssisədə istehsal edilən yağlar “AzRose” adı ilə bazarlara çıxarılacaq.
Gələcəkdə isə həmin yağlardan istifadə etməklə müxtəlif ətriyyat, yuyucu, məişət və qida sənayesində istifadə olunan məhsulların istehsalı nəzərdə tutulur.
Burada istismar olunan gül yağı istehsalı avadanlıqları Türkiyədən gətirilib. Müəssisədə 43 daimi və 600-ə yaxın mövsümi iş yeri açılıb. Layihə gələcəkdə yerli əhalinin öz pay torpaqlarında qızılgül əkməklə bu sahənin daha da inkişaf etdirilməsinə şərait yaradacaq. Beləliklə, əhali yığdığı gül ləçəklərini müəssisəyə təhvil verməklə əlavə gəlir əldə edəcək.
Müsahibimiz deyir ki, mayın əvvəllərindən gül dəriminə başlanıb. Mövsüm ilə bağlı ətraf kəndlərin sakinlərinə məlumat verildikdən sonra hər gün bura orta hesabla 500 işçi gəlir. Burada Tala, Suvagil,Yengiyan, Mosul, Mamrıx, Gözbarax, Lahıc, Əliabad kəndlərinin sakinləri çalışırlar. Onların qonşu kəndlərdən işə gəliş-gedişi üçün müəssisə tərəfindən 8 avtobus ayrılıb. İş prosesində bir ailədən nə qədər çox adam təmsil olunsa onların öz xeyirlərinədir. Təxminən 4 saat müddətinə - saat 9 radələrinədək işlərini görür, dərdikləri gülün həcminə uyğun olaraq pullarını alıb gedirlər. Günün digər vaxtında da planlı şəkildə başqa işlərini davam etdirə bilərlər.
Ş.Məmmədov deyir ki, cari il üçün hədəf 100 ton gül ləçəyinin toplanması və ondan 30 litr yağ almaq idi. Artıq istənilən nəticəyə nail olunub. Hazırda sahələrdə yığım davam edir.
Aqrotexniki qaydalara uyğun olaraq qızılgül əkildiyi dövrün ikinci ilində dərimə başlanır. Hazırda 2016-cı ilin payızında əklimiş 64 hektarlıq ikiillik sahədə yığım aparılır. 61 hektar sahə isə 1 illikdir və onlarda da gələn ildən dərim prosesi reallaşdırılacaq.
Qeyd edək ki, ərazidə qızılgüllə yanaşı 35 hektarda “Lavanda” gülü əkilib. Onun da dəriminə iyul ayında başlanacaq və 25 ton ləçək toplanacaq. Bundan da 500 kiloqram yağ gözlənilir. Səbəb qızılgüllə müqayisədə “Lavanda”nın yağlılığının daha çox olmasıdır. Lakin alış qiyməti qızılgüllə müqayisədə xeyli aşağıdır. Qızılgül yağının 1 litri dünya bazarında 12 min avro olduğu halda, “Lavanda” yağı 80-100 avro aralığında dəyərləndirilir.
Qeyd edək ki, müəssisənin ümumi ərazisi 3 hektardır. Burada istehsalat bölməsi, anbar, ofis və digər infrastruktur obyektləri tikilib. Ərazidə suvarma məqsədləri üçün su tutumu 5 min kubmetr olan süni göl yaradılıb, damcı suvarma sistemi qurulub, kənd təsərrüfatı texnikaları alınıb, Türkiyədən bu sahədə təcrübəli aqronomlar dəvət edilib. Ərazidə 3 artezian quyusu qazılıb, qaz və elektrik xətləri çəkilib, müasir işıqlandırma sistemi qurulub və yaşıllıq zolaqları salınıb.
Gül yığımı prosesini izlədikdən sonra emal sahəsinə keçirik. Ora daxil olarkən xüsusi qablara doldurulmuş gül yağının süzülmə prosesi icra olunmaqda idi. Öyrəndik ki, 1 kiloqram gül yağının alınması üçün təxminən 3,5 ton gül ləçəyindən istifadə olunur. Burada gül yağının alınması məqsədilə Türkiyənin “Dünder makine” şirkətinin texnologiyasından istifadə olunur. Son məhsulun satışı ilə bağlı Amerika, Almaniya, İtaliya və İngiltərə ilə danışıqlar aparılır. Onların arasından ən uyğun olanı ilə müqavilə bağlanaraq satış reallaşdırılacaq.
Bundan başqa, “AzRose” MMC eyni zamanda, ölkəyə xaricdən gül idxalının qarşısını almaq üçün də real tədbirlərə start verib. Bunun üçün Qəbələnin Vəndam qəsəbəsində istixana şəraitində güllərin yetişdirilməsi nəzərdə tutulur. Hazırda Hollandiyadan həmin əraziyə istixana avadanlıqları gətirilir. Burada ayrılmış 10 hektarlıq ərazinin 3 hektarında müxtəlif əlamətdar günlərdə insanların zövqünü oxşayacaq güllər yetişdiriləcək. Həmin güllər zamanla müxtəlif ticarət məntəqələrində satışa çıxarılacaq.
Qeyd etdiyimiz kimi, bu ildən etibarən müəssisənin məhsulları dünya bazarına çıxarılacaq. Gələcəkdə burada digər bitki növlərindən efir yağlarının da istehsalı mümkün olacaq. Beləliklə, “Made in Azerbaijan” brendi ilə dünya bazarlarına çıxacaq məhsullarımızın sayı və çeşidi xeyli artmış olacaq.
İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN



© “Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 12 d. əvvəl
-
16 d. əvvəl
Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı ələ keçirən şəxsləri saxladı - VİDEO
- 22 d. əvvəl
-
30 d. əvvəl
“Kristal” şirkəti kabel üzrə qlobal liderlərdən biri ilə memorandum imzaladı
-
2 saat əvvəl
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
-
3 saat əvvəl
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
- 3 saat əvvəl
-
3 saat əvvəl
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
-
3 saat əvvəl
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbulu planı
Ən çox oxunanlar
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
Dekabrın 26-da gözlənilən hava şəraiti
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR






















